Qlaukoma adətən göz daxili təzyiqin artması ilə əlaqəli olan görmə sinirinin zədələnməsi (neyropatiya) və görmə sahələrinin dəyişməsi (düşməsi) ilə xarakterizə olan bir qrup xəstəliklərini ifadə etmək üçün istifadə edilən termindir. Görmə sinirinin zədələnməsi geri dönüşü olmayan korluğa gətirib çıxarır, bu səbəbdən qlaukomanın ilkin diaqnostikası və zamanında müalicəsi çox önəmlidir.
Qlaukoma korluğun əsas səbəblərindən biridir. Gec diaqnostika qlaukomada korluğun əsas səbəbidir.
Göz daxili təzyiq
Qlaukomanın əsas risk faktoru göz daxili təzyiqin artmasıdır. Normal göz daxili təzyiq 11-21 mm c.s, ortalama isə 15.5 mm c.s -dur. Belə görünür ki, korluq riski göz daxili təzyiqin artma zamanı və dərəcəsi ilə düz mütənasibdir. Ancaq görmə sinirinin və görmə sahəsinin xarakteristik dəyişiklikləri müşayiət olunan xəstələrin 20 %-i normal göz daxili təzyiqə malikdirlər. Görünür ki, görmə sinirinin zədələnməsinə damarların spazmı kimi digər faktorlar da səbəb olur.
Göz daxili təzyiqin səviyyəsinə bir çox faktor təsir göstərir. Göz daxili təzyiq gün ərzində dəyişir və adətən səhərlər daha yüksək olur. Gözdaxili təzyiqin bu oynamaları individual gün ritmindən asılıdır və müxtəlif insanlarda tam fərqli ola bilər. İnsan beli üzərində uzandıqda göz daxili təzyiq bir qədər yüksələ bilər.
Arterial hipertoniya zamanı göz daxili təzyiq sadəcə cüzi artır, lakin onu beta-adrenoblokator və kalsiyum antaqonistləri bənzəri hipotenziv dərmanlarla aşağı düşürmək olar. Kofeinin, siqaret çəkmənin və fiziki hərəkətlərin göz daxili təzyiqə təsiri barədə birmənalı fikr yoxdur. Həm də ki, bəzi insanların glukokortikoidlərə qarşı artmış həssaslığı var. Onlarda gluukokortikoidlərin sistemik və ya yerli (göz damcılarının tərkibində) qəbulundan sonra göz daxili təzyiq əhəmiyyətli dərəcədə arta bilər. Bəzən bu reaksiyaya göz ətrafı dəriyə tərkibində glukokortikoid olan kremlərin və ya mərhəmlərin vurulması da səbəb ola bilər.
Digər risk faktorları
Bu gün bir çox qlaukoma növünün inkişafında irsiyyətin rolu aşkardır və yaxın qohumları qaukomadan əziyyət çəkən istənilən insan, xüsusən də 40 yaşından sonra, risk qrupuna aid edilməlidir. Bundan başqa qlaukoma riski şəkərli diabet, yüksək dərəcədə yaxından görmə, arterial hipertoniya, ürək-damar xəstəlikləri zamanı artır.
Şikayətlər
Erkən və mülayim ilkin açıq bucaqlı qlaukoma çox zaman simptomsuz keçir. Sadəcə görmə sinirinin həddindən artıq zədələndiyi zaman xəstələr bəzən qeyri-dəqiq və ya dumanlı görməni qeyd edirlər. Nadir hallarda onlar periferik görmənin itdiyinə fikir verirlər, çünki görmə sahəsinin defektini müəyyən etmək üçün daha yaxşı görən gözü bağlamaq lazımdır. Dəyişkən qapalı bucaqlı qlaukomadan əziyyət çəkən insanlar gözdə ağrılardan və işıq mənbələrinin ətrafında göy qurşağı bənzəri dairələrdən şikayət edə bilərlər. Bundan əlavə, qapalı bucaqlı qlaukoma tutması ürək bulanması və qusma ilə müşayiət oluna bilər.
Bəzi simptomlar zəif görülə, mövcud olmaya və ya ümumi simptomların altında gizlənə bildiyi üçün əsaslı oftalmoloji müayinə gərəkdir.
Nəyə görə qlaukoma yaranır?
Qlaukomanın yaranmasına səbəb ola bilən bir çox faktor mövcuddur. Onlardan göz daxili təzyiqin artması ən əsasıdır. Bir çox halda artmış göz daxili təzyiq göz içi mayenin atılmasına ikincil olaraq yaranır. Göz daxili təzyiq 22 mm c.s.-na qədər normal sayılır, lakin qlaukomalı bəzi pasiyentlər xəstəliyin irəliləməsini önləmək üçün təzyiqi daha aşağı səviyyədə saxlamalıdırlar.
İrsi meyillilik və ya damar faktorları kimi digər faktorlar bu hansısa dərəcədə olsada pasiyentdə xəstəliyin yaranmasına təsir göstərirlər.
Qlaukomanın müalicə tipləri?
Müalicənin əsas məqsədi pasiyentlərin görməsini və həyat keyfiyyətini qorumaqdır. İndiki zamanda müalicə ikincil qlaukomada səbəblərin ortadan qaldırılmasına və bütün tip qlaukomalarda göz daxili təzyiqin aşağı salınmasına yönəlikdir.
Qlaukomanın əsas müalicəsi gözlərə damcı damcılamaqdan ibarət olan tibbi müalicədir. Bu göz damcıları göz daxili təzyiqi azaltmağa köməklik göstərən müxtəlif dərmanlardan ibarətdir. Bir çox effektiv göz damcıları növü vardır, lakin onlardan istifadə edilmə gözə damcılandıqdan sonra yüngül diskomfort (qızarma, yad cisim hissi) yarada bilər. Buna baxmayaraq, sağalmaq üçün oftalmoloqun təyinatına uymaq lazımdır. Müalicə tam düzgün aparılmırsa xəstəliyin təkamülü pisləşir. Həkimin təyinatına əsasən göz damcılarından istifadə etməmək sizin görmənizə təhlükə yaradır.
- İş saatları:
- B.e — Ş. Saat: 09:00—17:00
- Ünvanımız:
- Bakı şəhəri, Badamdar qəsəbəsi,
A. Abbaszadə küç. 13a, AZ1073 - Əlaqə nömrələri:
- *6699